çərşənbə axşamı 29 sentyabr 2026 - 17:59
Şəhid Seyid Həsən Nəsrullahın şiə məzhəbinin siyasi fiqhinin izah olunması ilə bağlı maraqlı müraciətinin hekayəsi

Hövzə / Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü şəhid Seyid Həsən Nəsrullahla görüşü barədə xatirələrini danışaraq, 33 günlük müharibədən və Livan Hizbullah hərəkatının qətiyyətli qələbəsindən sonra Şeyx Yusif Qərəzavinin mövqeyini dəyişməsinə və Misirdə sünnilərin şiəliyə yönəlişinin genişlənməsindən narahatlığına toxunub. O bildirib ki, Əl-Əzhərin bəzi müəllimlərinin Qərəzavi ilə görüşə gəlməməsi və onun həmin şəxslərin şiəliyi qəbul etdiyini öyrənməsi, eləcə də Əhli-Beyt (ə) məzhəbinə yönəliş dalğası barədə yayılan məlumatlar onun narahatlığını daha da artırıb.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü və “Dahiyədə görüş” kitabının müəllifi Höccətül-İslam vəl-müslimin Möhsün Heydəri, Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibəsi zamanı şəhid Seyid Həsən Nəsrullahla ilk görüşünə toxunaraq deyib: Tamamilə sakit və səmimi şəraitdə baş tutan bu görüş zamanı bir müddət əvvəl fars dilində yazdığım və Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi tərəfindən çap və nəşr olunan “Fəqih vilayəti” kitabını Seyid Həsən Nəsrullaha təqdim etdim.

Şəhid Seyid Həsən Nəsrullah kitabı vərəqlədikdən sonra dedi ki, bizim gənclərimiz İmam Xomeyninin (r) siyasi fiqhi ilə tanış deyillər. Şiə fiqhində siyasi fiqhə dair mühüm bölmələr mövcuddur. Lakin bu mənbələr qədim mədəniyyət və ədəbiyyatla yazıldığı üçün gənclərimiz tərəfindən istifadə olunmur. Məhz buna görə də onların zehnində vilayəti-fəqih, İslam hökuməti və siyasi məsələlərdə iştirakla bağlı çoxsaylı şübhələr mövcuddur.

Seyid bu baxımdan şiə gənclərinin vəziyyətini “yoxsulluq”, sünni gənclərin vəziyyətini isə “qıtlıq” kimi xarakterizə edərək dedi ki, sünni gənclər siyasi fiqhi müasir və dövrün tələblərinə uyğun dillə izah və əsaslandıran belə ədəbiyyat və əsərlərin axtarışındadırlar.

Şəhid Seyid Həsən Nəsrullah daha sonra kitabı bağlayıb qarşısında tutaraq sözünə davam edib: Biz Elmi Hövzədən və sizin kimi şəxslərdən xahiş edirik ki, bu cür mənbələri bizim üçün tərtib edib yazasınız. Mən əminəm ki, əgər sünni gənclər bu ədəbiyyat və bu mədəniyyət vasitəsilə bizim siyasi fiqhimizlə tanış olsalar, Əhli-Beytə (ə) cəlb olunacaqlar. Bu gün sünni inqilabçı gənclərin siyasi fiqhə ehtiyacı var. Əgər onlar şiə məzhəbinin fiqhində öz ehtiyaclarını təmin edən belə bir məfhumun mövcud olduğunu bilsələr, nəticənin doğruluğundan çıxış edərək səbəbin də haqq olduğunu anlayacaqlar.

Seyid Həsən həmçinin dedi: “Məsələn, bizim Livanda çoxsaylı qeyri-müəyyənliklərimiz var. Bir tərəfdən hökumət İslam hökuməti deyil, prezident xristian, baş nazir sünni, parlamentin sədri isə şiədir. Şiə fiqhinin nəzəriyyəsinə əsasən, bu hökumət tağut hökuməti hesab olunur. İndi isə sual yaranır: Şiələrin siyasi fəaliyyətdə iştirak etmək hüququ varmı, yoxsa yoxdur? Onlar parlament deputatı ola bilərlərmi? Nazir ola bilərlərmi? Qubernator ola bilərlərmi? Hər hansı dövlət idarəsinin rəhbərliyini üzərlərinə götürə bilərlərmi? Şəri baxımdan onların vəzifəsi nədir? İmamiyyə siyasi fiqhi bütün bunları həll edib. Buna görə də fəqih vilayəti ilə bağlı məsələlərə dair sualların cavablandırılmasına ehtiyacımız var.”

Təxminən iki saat davam edən söhbətdən sonra şəhid Seyid Həsən Nəsrullahla keçirdiyimiz bu xoş görüş başa çatdı. Mən qaldığım yerə qayıdarkən onun sözləri haqqında düşünürdüm. Elmi Hövzəyə etdiyi mühüm xahiş barədə düşünürdüm. Bir tədqiqatçı və müəllif kimi özümü bu xahiş qarşısında məsuliyyət daşıyan şəxs hesab edirdim.

Şəhid Seyid Həsən Nəsrullahın şiə məzhəbinin siyasi fiqhinin izah olunması ilə bağlı maraqlı müraciətinin hekayəsi

Sünnilərin şəhid Seyid Həsən Nəsrullah və müqavimət cəbhəsini qətiyyətlə müdafiə etməsinin maraqlı hekayəsi

Höccətül-İslam vəl-müslimin Heydəri daha sonra onun İranda böyük sevgi və rəğbət qazanması ilə bağlı bir xatirəsini danışaraq deyib: “Livana dördüncü səfərim zamanı şəhid Nəsrullah əvvəlki görüşümüzlə müqayisədə, hansı ki, həmin görüşdən səkkiz il keçmişdi, bir qədər dəyişmişdi və saqqalı xeyli ağarmışdı. Ona dedim ki, bütün şiələr sizi İslamın, şiə məzhəbinin və qlobal küfr və sionizm qarşısında İslam cəbhəsinin ön sıralarında gedən bir şəxsiyyətin simvolu hesab edirlər. Elə bir həddə ki, bəzən hər hansı məclisdə sizin və Hizbullahın uğur və salamatlığı üçün dua edilmədikdə, insanlar buna etiraz edirlər”.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü bildirib: Seyid Həsən Nəsrullah təvazökarlıqla bu sözlərdən məmnunluğunu ifadə etdi və dedi ki, bu, təbiidir və o, bunu İran xalqından gözləyir. Onlar Hizbullah qarşısında lütf və mərhəmət göstərirlər. O, həmçinin dedi ki, xoşbəxtlikdən, bu xoş münasibət və müsbət yanaşma yalnız şiələr arasında deyil, bir çox sünnilər arasında da Hizbullah hərəkatı haqqında mövcuddur.

Seyid Həsən Nəsrullah bu məsələ ilə bağlı İordaniyanın İrbid şəhərində baş vermiş bir hadisəni danışaraq deyib: Cümə namazının xətibi çıxışının əvvəlində şiələri ittiham edərək demişdi ki, şiələr sünniləri nəcis hesab edirlər. Orada olan insanlar bu təfriqəçi sözlərdən narazı qaldıqlarını nümayiş etdirərək etiraz etməyə başladılar.

Şəhid Seyid Həsən deyib: Həmin xətib daha sonra «Seyid Həsən Nəsrullah Qüdsü azad etmək niyyətində olduğu barədə yalan danışır» dedikdə, insanlar qəzəbləndilər və onun üzərinə hücum edərək onu şiddətlə döydülər. Xətib məcbur oldu ki, səsgücləndirici vasitəsilə polis əməkdaşlarından kömək istəsin”.

Bir qədər sonra Seyid Həsən Nəsrullahın eləcə də Hizbullah hərəkatının sünnilər arasında da böyük rəğbət qazanması ilə bağlı sözlərinə toxunaraq ona dedim: “Bu rəğbət tamamilə təbiidir. Çünki sizin fəaliyyətiniz "ونُوا دُعَاةً لِلنَّاسِ بِالْخَیْرِ بِغَیْرِ أَلْسِنَتِکُمْ» və «وَأَنْ تَکُونُوا لَنَا دُعَاةً صَامِتِینَ" kəlamlarının nümunələrindəndir.

«Kُونُوا دُعَاةً لِلنَّاسِ بِالْخَیْرِ بِغَیْرِ أَلْسِنَتِکُمْ» — “İnsanları dillərinizlə deyil, yaxşı əməllərinizlə xeyirə dəvət edənlər olun”.

«وَأَنْ تَکُونُوا لَنَا دُعَاةً صَامِتِینَ» — “Bizim üçün səssiz təbliğatçılar olun”.

Necə ki, İmam Xomeyni də məhz bu şəkildə, əməlləri ilə Əhli-Beyt (ə) məzhəbini təbliğ edirdi. Buna görə də dünyanın müsəlman xalqları İran İslam İnqilabının bərəkəti ilə Əhli-Beyt (ə) məzhəbinə üz tutdular və Livanın İslam Müqavimət cəbhəsi də məhz bu şəkildə fəaliyyət göstərdi”.

Qərəzavinin şiəliyə yönəlmə ilə bağlı narahatlığı onun müqavimət cəbhəsinə münasibətinin dəyişməsinə səbəb oldu

Şəhid Seyid Həsən davam edib: “Hizbullah hərəkatının müsəlman xalqları arasında böyük rəğbət qazanmasının başqa bir nümunəsi Şeyx Yusif Qərəzavinin mövqeyində baş verən dəyişikliklə bağlıdır. 2000-ci ildən və sionistləri ölkəmizdən çıxarmaqla əldə etdiyimiz qələbədən sonra Şeyx Yusifin rəhbərlik etdiyi İslam Alimləri İttifaqı tərəfindən Beyrutda bir konfrans keçirildi. İştirakçıların əksəriyyəti sünnilərdən ibarət idi. Şeyx Yusif Qərəzavi də həmin konfransda iştirak edirdi. Orada məndən və o vaxt Fələstinə Dəstək Komitəsinin məsul şəxsi olan cənab Möhtəşəmidən başqa heç bir şiə iştirak etmirdi”.

Şəhid Nəsrullah deyib: “Mən sionist işğalından Livanın azad edilməsi ilə bağlı qətiyyətli və coşqulu bir çıxış etdim və insanlar böyük ruh yüksəkliyi keçirdilər. Şeyx Yusifin özü də çıxışdan çox təsirləndi. Onun çıxış növbəsi çatdıqda dedi: «Şeyx Həsən, biz İsrail oğulları kimi deyilik ki, Musaya belə desinlər:

فَاذْهَبْ أَنْتَ وَرَبُّکَ فَقَاتِلَا إِنَّا هَاهُنَا قَاعِدُونَ

“Get, sən və Rəbbin döyüşün. Biz isə burada oturub gözləyəcəyik”.

— Maidə surəsi, 24-cü ayə.

Əksinə, biz Peyğəmbərin (s) səhabələri kimiyik. Onlar Bədr döyüşündən əvvəl Peyğəmbərə (s) belə demişdilər:

اذْهَبْ أَنْتَ وَرَبُّکَ فَقَاتِلَا إِنَّا مَعَکُمَا مُقَاتِلُونَ

“Get, sən və Rəbbin döyüşün. Biz də sizinlə birlikdə döyüşəcəyik”.

Biz də bu gün sizə deyirik:

ای شیخ حسن، اذهب أنت و حزب‌الله فقاتلا اسرائیل و إنا معکم مقاتلون.

“Ey Şeyx Həsən, siz və Hizbullah hərəkatı İsrailə qarşı döyüşün, biz də sizinləyik və sizinlə birlikdə döyüşəcəyik”».

Şeyx Qərəzavi bu cümləni dedikdə, insanlar böyük həyəcanla ayağa qalxaraq öz hisslərini ifadə etdilər, daha sonra isə mənim yanıma gələrək beyət etdilər. Lakin həmin Şeyx Yusif 33 günlük müharibədən sonra mövqeyini 180 dərəcə dəyişərək Hizbullaha qarşı müxalif mövqe tutdu. Çünki müharibədən sonra şiəliyin lehinə yaranan dalğadan qorxmuşdu.

Seyid davam edib: Mən Misir Müsəlman Qardaşlarının tanınmış simalarından biri olan və Misirdə keçirilən seçkilərdə də iştirak etmiş doktor Məhəmməd əl-Əvadan Şeyx Yusifin mövqeyinin dəyişməsinin səbəbini soruşdum. O dedi ki, Şeyx Yusif Qərəzavi 33 günlük müharibədən sonra Misirə gəldi. Bir neçə gün keçdikdən sonra Əl-Əzhərin bəzi tanınmış alimləri və müəllimləri, eləcə də tədqiqatçılar onun görüşünə gəlmədikdə, onların vəziyyəti ilə maraqlandı. Ona cavab verdilər: “Məgər bilmirsiniz ki, onlar şiə olublar?” O, bundan çox təəccübləndi və həmin vaxtdan etibarən təhlükə hiss etməyə başladı. Daha sonra mən dedim: “Görünür, hətta onun oğlu da sizin mədhinizə yazdığı və şiəliyə meyli ifadə edən şeirləri ilə onun qəlbində qorxu yaranmasına təsir göstərib”.

Şəhid Seyid Həsən Nəsrullah davam edib: Bir dəfə Əl-Əzhər alimlərindən olan və 80 yaşından yuxarı yaşı olan Şeyx Əbul-Əzaim mənim yanıma gəldi. Ondan soruşdum: Misirdə şiəliyə yönəliş dalğasının çox güclü olduğunu kim deyir? Məgər biz Misir xalqının şiəliyə yönəlməsi üçün nə etmişik? Kiməsə demişikmi ki, gəlib şiə olsun? Misir hökuməti İranla sərbəst münasibətlər qurmaqdan niyə qorxur? Məgər turizm məqsədilə İrandan Misirə gedən insanların misirlilərin məzhəbinə nə təsiri var? Şeyx Əbul-Əzaim cavabında dedi: Əlbəttə, sizin heç kimi şiə olmağa dəvət etmədiyinizi söyləməyiniz doğrudur. Lakin reallıq budur ki, Misirdə bu yönəliş çox güclüdür. Əgər bir gün Misir xalqına azadlıq verilsə, onların bir çoxunun şiə olduğu məlum olacaq!

Seyid Həsən Nəsrullah daha sonra Şeyx Yusifin qorxusu və narahatlığı barədə deyib: O, sünni alimlərə müraciət edərək şiəliyə yönəliş prosesinə diqqətli olmaları barədə xəbərdarlıq edən bir bəyanat yaydıqda, onun müavini həmin bəyanatı tənqid etdi və bu, onun Dünya İslam Alimləri İttifaqındakı vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu. Şeyx Yusifin göstərişi ilə müstəbşirlər, yəni şiəliyi qəbul etmiş şəxslər barədə araşdırma aparmaq üçün faktaraşdırıcı komitə yaradıldı. Onlar bir neçə il davam edən araşdırmadan sonra belə nəticəyə gəldilər ki, İslam İnqilabının qələbəsindən həmin vaxta, yəni 2006-cı ilə qədər, 50 milyondan çox sünni şiə olub. Bu araşdırmaların nəticələri şiəliyə yönəliş barədə bir kitabda toplanıb. Həmin kitabda dünyanın müxtəlif bölgələri üzrə statistik məlumatlar təqdim edilməklə, İslam İnqilabının qələbəsindən sonra çoxlu sayda insanın şiəliyə yönəldiyi əsaslandırılıb. Bu kitab məxfidir, lakin bizə gəlib çatıb. Əlbəttə, bu rəqəm şişirdilmiş görünür.

Mən dedim: Əbul-Əzaimin sözlərini və digər əlamətləri nəzərə alsaq, bu rəqəm bəlkə də reallıqda olduğundan daha azdır. Seyid başını tərpədərək dedi: “Bu da mümkündür”.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha